Repressiyanın 80-ci ili (III yazı) - GƏNCƏLİ ABDULLANIN BAKIDAKI NAKAM SONU

Repressiyanın 80-ci ili (III yazı) - GƏNCƏLİ ABDULLANIN BAKIDAKI NAKAM SONU

 

 

 

Azərbaycan ziyalılarının qənimi kəsilmiş Mərkəzdə L.Beriya və İ.Stalin, Bakıda isə M.Bağırov və Y.Sumbatovun rəhbərlik etdiyi repressiyanın Azərbaycandakı günahsız qurbanlarından biri də ilk dilçi alimlərimizdən olan Abdulla Tağızadə olmuşdur. Onun tərcümeyi-halından əldə etdiyimiz məlumat o qədər də geniş deyil. Buna baxmayaraq, A.Tağızadə qeyd-şərtsiz olaraq Azərbaycan dilçiliyinin yaranması və inkişaf etdirilməsi sahəsində böyük xidmətlər göstərmiş alimlərimizdən olmuşdur.

 

Gəncədən Sankt-Peterburqa

 

Abdulla Məmməd oğlu Tağızadə 1897-ci ildə Gəncə şəhərində sənətkar ailəsində anadan olmuşdur. İbtidai və orta təhsilini Gəncədə alan A.Tağızadə daha sonra Bakıda oxumuşdur. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Ordusunda xidmət etmişdir. Mütəxəssislərin son illərdəki araşdırmalarına görə, Cümhuriyyət dövründə, 1919-cu ilin martında yeni əlifbanın layihəsini hazırlamaq məqsədilə xüsusi komissiya yaradılmış, və bu Komissiyaya üç layihə təqdim olunmuşdu: 1)Məhəmməd Ağa Şahtaxtlının; 2) Abdulla bəy Əfəndizadənin; 3) Abdulla Tağızadə ilə Mirəziz Seyidovun birgə layihələri. Lakin yalnız A. Əfəndizadənin layihəsi bəyənilir. Sovet Azərbaycanının ilk illərində əlifbanı dəyişmək məsələsi də gündəmə gəlir. Bu müzakirələr zamanı “latınçılar” və “ərəbçilər” adlı iki cərəyan ortaya çıxır. “Latınçılar” komissiyasının 8 nəfərdən ibarət tərkibində yenə də A.Tağızadənin adı vardı.

1922-ci ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi yanında Yeni Türk Əlifbası Komitəsi (AYTƏK) təşkil edildi. Komitənin ilk tərkibi 5 nəfərdən ibarət idi: Səməd Ağamalıoğlu, Fərhad Ağazadə, Xudadat Məlik Aslanov, Abdulla Tağızadə və Əhməd Pepinov. Bakıda yeni əlifba ilə “Yeni yol”, Tiflisdə isə “İşıqlı yol” qəzetləri çap edilirdi.A. M. Tağızadə 1924-ci ildə Yaşayan (Mövcud) Şərq Dilləri İnstitutunda (YDDİ) təhsil almaq üçün Leninqrada (indiki Sankt-Peterburqa) göndərilmişdir. Onun müəllimi tanınmış şərqşünas A.N.Samoyloviç olmuşdur. 1925-ci ildə Leninqrada gələn B.V.Çobanzadə ilə onu A.Samoyloviç tanış etmişdir. 1926-ci ildə Leninqradda tələbə olduğu dövrdə A.Tağızadə Türkoloji Qurultayının nümayəndəsi kimi Bakıya gəlmiş və bu yığıncaqda, Ə.S. Qubaydullin daxil olmaqla, bir çox görkəmli elm xadimi ilə tanış olmuşdur. Digər bir məlumata görə, 1927-ci ildə İnstitutu bitirdikdən sonra onun aspiranturada qalmasını istəmişlər, Lakin respublika Maarif Komissarlığı onun respublikaya qayıtmasını tələb etmişdir. Beləliklə, 1928-ci ildə Leninqrad Yaşayan Şərq Dilləri İnstitutundan (1938-ci ilin iyununda “repressiyaya məruz qalaraq” bağlanan institut) məzun olduqdan sonra A.Tağızadə Bakıya qayıtmış və həbs olunana qədər burada, əsasən, elm sahəsində fəaliyyət göstərmişdir.

 

Dilçilik kafedrasının müdiri

 

Elm və təhsil sahəsində geniş fəaliyyətlə məşğul olan A.Tağızadə, Azərbaycan dilinin orfoqrafiyasının təşkili də daxil olmaqla, Azərbaycanda dilçiliyin yaradılması işlərində də iştirak etmişdir. Araşdırmalardan məlum olur ki, 1928-ci ildə Ümumittifaq Mərkəzi Yeni Əlifba Komitəsinin «Култура и писменност Востока» jurnalının məsul katibi kimi fəaliyyət göstərmişdir. 1928–1929-cu illərdən Pedaqoji İnstitutda qədim türk dilləri – orxon və uyğur dilləri, türk dillərinin tarixi qrammatikası haqqında məruzələr oxumuş, “Dil haqqında elmin inkişaf tarixi” kursunu təşkil etmişdir. 1923-cü ildən başlayaraq Azərbaycanda paralel tətbiq

olunan ərəb əlifbası rəsmi şəkildə 1 yanvar 1929-cu ildən latın əlifbası ilə əvəz edilmişdir. Yeni əlifbanın qəbulundan sonra bu əlifba ilə yeni kitabların çapı məqsədilə Cəlil Məmmədquluzadə, Abdulla Tağızadə və Hacı Kərim Sanılıdan ibarət bir komissiya yaradılmışdır.

Həbs olunan zaman A.Tağızadə SSRİ Elmlər Akademiyası Azərbaycan Filialının elmi işçisi, Azərbaycan Pedogoji İnstitutunda dilçilik kafedrasının müdiri vəzifəsində çalışırdı. Bu zaman A.Tağızadə evli deyildi və himayəsində anası vardı.

SSRİ Elmlər Akademiyası Azərbaycan Filialının (EAAF) əməkdaşı olaraq 1931-ci ildə Bəkir Çobanzadə, Vəli Xuluflu və A.Kərimovla birlikdə SSRİ EA-nın Alma-Atada keçirilən yığıncağına da qatılmışdır. Moskvada nəşr edilən “Repressiya olunmuş türkologiya” kitabında qeyd edilib ki, istintaq işinin gedişində dindirilmədə iştirak edən müstəntiqlər həmin səfər əsnasında Alma-Atadakı yığıncaqda orfoqrafiya məsələsinin müzakirəsində "zərərli" və "əksinqilabi" söhbətlərlə əlaqədar sualları A.Tağızadəyə yönəltmişlər.

 

8 dindirmənin hamısında müqavimət göstərdi

 

Onun həbs olunması da SSRİ Elmlər Akademiyası Azərbaycan Filialındakı işi ilə əlaqədar idi: onu burda çalışan Ə.S. Qubaydullin və Nazim Mahmudzadə ilə eyni zamanda, 1937-ci ilin 18 mart gecəsi həbs etmişdilər. A.Tağızadənin həbs olunması ilə əlaqədar sənədlərdə Azərbaycan ziyalılarının məhv edilməsində iştirak edən eyni adamların soyadları var: Gerasimov, Çinman, Qriqoryan, Şer.

Həmin sənədlər arasında A.Tağızadə ilə bağlı Qriqoryan, daha sonra Mustafayev soyadlı şəxs tərəfindən həyata keçirilən səkkiz dindirmənin (28 mart – 22 aprel tarixləri arasında) protokolu var. Səkkizinci dindirmə zamanı da Abdulla Tağızadə qondarma ittihamların hamısını qətiyyətlə rədd etmişdir. Buna görə Abdulla Tağızadəni repressiyanın ən çox müqavimət göstərən məhbuslarından hesab etmək olar.

Bu dövrdə A.Tağızadə özünü günahkar saymırdı. Sənədlərdən bəll olur ki, vaxt keçdikcə onun ifadələri dəyişmişdir. İlk istintaqda o bildirmişdi ki, "mətbuatda ortaya çıxarılanlardan" başqa millətçilərdən heç kimi tanımır. Ancaq daha sonra, o zaman hələ həbs olunmayan Hüseyn Cavid də daxil olmaqla, bəzi millətçiləri tanıdığını “etiraf etdi”.

İlkin istintaq zamanı müəyyən dərəcədə “etiraf xarakteri daşıyan” ifadələrini A.Tağızadə daha sonra inkar etdi. 1921–1922-ci illərdə millətçi fikirlərə malik olduğunu dərhal etiraf etsə də, daha sonra bunu rədd etdi. Sonra öz fəaliyyətlərində "ayrı-ayrı millətçi səhvlər" olduğunu qəbul etdi. Bu etiraflarda, Azərbaycan dilində, "burjua xarakterli ərəb-iran terminləri”ndən istifadəsi məsələsində israr etmək daxil olmaqla, "ədəbi dilin formalaşması problemləri" və "orfoqrafiya probleminin bəzi məsələləri" üzrə müxtəlif əksinqilabi fikirlərdə olduğuna dair məsələlər yer almışdır.

 

Oktyabr "troyka"sının siyahısına düşmədi

 

Bunlara baxmayaraq, A.Tağızadə gizli fəaliyyət aparması ilə əlaqədar iddiaları inkar etdi, ona qarşı irəli sürülən V.Xuluflunun ifadələrinə cavabında isə aralarında şəxsi "düşmənçilik" olduğu üçün ona böhtan atdığını söylədi.

O dövrdən qalan daha bir sənəd Şer və Qriqoryan tərəfindən tərtb edilən 5 aprel 1937-ci il tarixli protokoldur. Bu sənəddə A. Tağızadənin "istintaqda səmimi davranmadığı, istintaqa qarşı müqavimət göstərdiyi və müstəntiqin suallarına əsassız cavablar verdiyi" barədə iddialar var. 22 apreldən 12 sentyabra qədər (1937) istintaq işində heç bir sənəd yer almır. Şübhəsiz, bu müddət ərzində A.Tağızadəyə işgəncələr verilirdi. Məhbusların seçilməsi əsnasında və istintaq işlərinin "troyka"nın toplantısına hazırlanması zamanı, 12 sentyabr 1937-ci il tarixində onu bir daha dindirdilər. Bu dəfə də A.Tağızadə "təslim olmadı". Bu vəziyyət o zaman ona xilas olmaq şansı verirdi. Etiraf etməyən digərləri birlikdə onu oktyabr "troyka"sının müttəhimlərinin siyahısına salmadılar.

 

A.Tağızadə "təşkilat"a 1929-ci ildə cəlb olunub?

 

İlk dəfə A.Tağızadə "troyka"nın toplantısının əvvəlində, 10 oktyabr 1937-ci ildə (bir çox ziyalıların edamına 3 gün qalmış) B.V. Çobanzadə ilə üzləşdirmə əsnasında “etiraf etdi” və bununla da ölüm hökmünə "imza atdı". Çox güman ki, bu “etiraf”larda onun üzünə duranların rolu olmuşdur. Amma o da bəllidir ki, çox vaxt bu üzləşdirmələr saxta olurdu və köhnə tarixlə rəsmiləşdirilirdi. Buna baxmayaraq, sənədlərə inansaq, 15–19 oktyabr 1937-ci il tarixlərində fasiləsiz davam edən dindirmələrdə A.Tağızadə qeydsiz-şərtsiz ondan istənilən bütün “etiraflar”a imza atdı. “Leninqradda A.N. Samoyloviçin seminarlarında və dərslərində "istifadə edilən proqram, təhsil intizamı və dərs kitabları vaxt keçdikcə məndə pantürkçü hisslər yaratdığını” söyləyən A.Tağızadə "təşkilat"a 1929-ci ildə "Bütöv türk millətinin və ayrı-ayrı respublikaların indiki vəziyyətdə təşkilatları olmasının vacibliyindən" bəhs edən Ə.S. Qubaydullin tərəfindən cəlb edildiyini qeyd etdi.

 

“Ümumi türk əlifbası”nı kim hazırlamışdı?

 

Əlbəttə, A.Tağızadə yalnız təhsil və ədəbiyyat sahəsində fəaliyyət göstərdiyindən sui-qəsd hərəkətlərinə qatılmadığını sübut etmək üçün səy göstərmiş, bunun isə istintaqa elə bir təsiri olmamışdır. Əslində dindirməni aparanlar onu məzəmmət etmişlər: "İstintaq Sizin bu ifadələrinizdən razı qalmamışdır. Siz özünüzün inqilab əleyhdarı işlərinizin praktik tərəfləri ilə əlaqədar hər şeyi bildirməmişsiniz”. Bir məqamı da qeyd etmək yerinə düşər ki, əslində dindirməni yerinə yetirən Mustafayevin reallıqda belə nəzakətli davrandığı mümkünsüz idi. Belə ifadələr yalnız sənəd üzərində yer ala bilərdi.

Beləliklə, A.Tağızadənin adına bir-birinin tamamilə əksi olan, amma "zərərli" tərifinə uyğun hərəkətlər yazılırdı. Guya Ə. Qubaydullin ona bu vəzifələri vermişdi: "Ümumi türk ədəbi dilinin yaradılması üçün hazırlıq işləri çərçivəsində eynişəkilli orfoqrafiya və terminologiyanın təşkil edilməsi". Amma istintaq işinin digər hissələrində, əksinə A.Tağızadə və onun iş yoldaşlarının Azərbaycan dilinin perspektiv inkişaf etdirilməsi baxımından ümumi türk əlifbasına keçidə və ümumi türk ədəbi dilinin fromalaşdırılmasına qarşı olduqları bildirilir. İkinci iddianın həqiqətə daha yaxın olması ehtimalı var. Ümumi türk ədəbi dilinin yaradılması üçün hazırlıq işlərinin perspektivinə gəlincə, o dövrdə N.F. Yakovlevin rəhbərliyi altında latın əlifbası əsaslı “Ümumi türk əlifbası” hazırlanmış, amma hamısından daha əvvəl latın əlifbasına keçmiş Azərbaycan sona qədər bu ümumi əlifbanı qəbul etməmişdir.

 

A.Tağızadənin ömrü 3 ay uzandı

 

Əslində 1937-ci ilin repressiyalarındakı istintaq proseslərinin hamısı məntiqdən çox uzaq idi. Əsas məsələ hər hansı metodla daha çox “etiraf” əldə etmək idi. Bu “etiraflar” əldə edildiyi zaman aylarla uzanan istintaqı sona çatdırmaq mümkün idi. A.Tağızadənin dindirilməsinin son günündə də – 19 oktyabr 1937-c il tarixində istintaqın başa çatdırılması haqqında protokol hazırlandı, 22 oktyabr 1937-c il tarixində Çinmanın hazırladığı və Sumbatovun təsdiqlədiyi istintaq işi məhkəməyə təqdim edilmək səviyyəsinə gətirilərək ortaya çıxarıldı. Bu sənədin yekun hissəsində də “1 dekabr 1934-ci il tarixli Qanunun tətbiq edilməsi ilə istintaq işinin SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasına təqdim edilməsinin lazım olduğu” ifadə edilir. Ümumi olaraq artıq edam hökmü çıxarılmışdı, amma bir çox ziyalının məhvinə hökm çıxaran oktyabr "troyka"sı getmişdi. Buna görə də A.Tağızadənin ömrü 3 ay daha uzandı.

 

20 dəqiqədə həll edilən tale

 

A.M. Tağızadənin mühakiməsi üçün yeni ilin əvvəli Bakıya gələcək növbəti "troyka"nı gözləmək lazım idi. İkinci "troyka"nın üzvləri birincidən fərqli idi: sədr İ.Nikitçenko, üzvlər İyevlev və İşenko, Kudryavtsev. A.M. Tağızadə 2 yanvar 1938 tarixində hakim qarşısına

çıxarıldı. Məhkəmə saat 20:20-dən 20:40-a qədər davam etdi. A.Tağızadə haqqında edam hökmü çıxarılması üçün səbəblər aşağıdakılar idi:

1. 1929-cu ildən əksinqilabi millətçi, pantürkçü terror təşkilatının üzvü olmuşdur.

2. Bu təşkilatda əksinqilabi fəaliyyət göstərmiş və elmi-tədqiqat xətti üzrə dilçi mütəxəssis kimi pozuculuq işi aparmışdır.

3. Öz mühazirələrində əksinqilabi, millətçi və pantürkçü fikirləri təbliğ edərək pedaqoji sahədə də əksinqilabi iş aparmışdır.

4. Partiya və hökumət rəhbərlərinə qarşı sui-qəsd aktları tətbiq etmək, silahlı üsyan hazırlamaq yolu ilə milli respublikaları SSRİ-dən ayırmaq və vahid pantürkçü dövlət yaratmaq mövqeyində olmuşdur.

Müttəhim günahını qəbul etdi, ancaq "bağışlanmasını dilədi". Hökm isə belə idi: ən yüksək cəzaya layiq görülsün. Hökmün yerinə yetirilməsi tarixi kimi 3 yanvar 1938-ci il göstərilir.

 

A.Tağızadəni Sibirdə sürgündə görüblər

 

Amma B.Çobanzadə ilə bağlı yazıda qeyd edilən iddialara inansaq, A.Tağızadə də güllələnməyib və Sibirə sürgünə göndərilib. "Azad Krım" qəzetinin 7 avqust 1942-ci il tarixli sayında Abdullah İsmail imzası ilə dərc edilən yazıda onun da sürgündə olması ilə əlaqədar məlumatlar verilir:

"1938-ci ilin dekabr ayında, mənfi 38 dərəcə soyuq bir havada, Sibirdəki kiçik axar sulardan biri olan Troy-Peçorskinin sahilində Pokrovka kəndi ətrafında ucu-bucağı olmayan meşədə gözətçinin əmri altında odun kəsirdim. Düşərgəmizin qarşısından məhbus dəstəsinin keçdiyini gördük. Onlar da bizi görmüşdülər və siqaret çəkmək bəhanəsi ilə dayandılar. Bizdən 10–15 addım qədər məsafədə idilər. Hardan gəldiklərini soruşduq. Qafqazdan gəldiklərini söylədilər. Marağımız daha da artdı. İnsan ruhu və rəngini itirmiş olan zavallılar bir-birlərinə baxışdılar. Bu zaman onlardan biri mənim adımı ağzından qaçırdı. Ona diqqətlə baxdığım zaman, Bakıda nəşr olunan "Yeni yol" qəzetində tam on il birlikdə çalışdığım keçmiş jurnalist və tarix müəllimi Həsən İmmovun solmuş çöhrəsini çətinliklə tanıya bildim. Sürgün məhbusları arasında 1924-ci ildə Krımdan Azərbaycana gəlib Bakı Universitetinin Türkologiya bölməsində Türk dili və ədəbiyyatı professoru olmuş Bəkir Sidqi Çobanzadə, tanınmış tarixçi Abdulla Tağızadə, Cabbar Məmmədzadə və bir çox ziyalılar vardı..." (“Qardaş qələmlər” jurnalı, №83, 2013-cü il).

 

Abdulla Tağızadə nə vaxt güllələnib?

 

Rəsmi sənədlərə görə, Abdulla Tağızadə də 1938-ci ilin yanvarında güllələnməliydi. Amma bu şəxslərin sürgündə görülməsi iddialarının həqiqi və ya yalan olduğu çox güman ki, araşdırılmayıb. Ona görə də həmin ziyalıların Sibirə göndərilməsi şübhələri də mövcuddur. Belə ki, mənbələri birində A. Tağızadənin yanvarın 3-də deyil, yanvarın 12-də (1938-ci il) "xalq düşməni" kimi güllələndiyi qeyd olunub.

Mənim qısa araşdırmam da o qədər maraqlı nəticələr əldə etməyə yardımçı olmadı. Belə ki, “Sovet İttifaqında siyasi repressiya qurbanlarının siyahısı”nın yer aldığı http://ru.openlist. saytında axtarış zamanı (ru.openlist.wiki/Таги-заде_Абдулла_Мамедович_(1897) A.M. Tağızadənin yanvarın 2-də mühakimə edildiyi və 3 yanvar 1938-ci ildə Bakıda güllələndiyi qeyd edilmişdir. Ən azından istintaq sənədləri bunu təsdiq edir. Rusiyanın “Memorial” təşkilatının hazırladığı SSRİ-də siyasi terror qurbanlarının (“Жертвы политического террора в СССР”) http://lists.memo.ru) siyahısında da A.M. Tağızadə haqqında qısa məlumat var. Oradada 3 yanvar 1938-ci ildə Bakıda güllələndiyi və qəbrinin burada olduğu qeyd edilmişdir. Halbuki onun məzarının olub-olmadığı hələ də aydınlaşdırılmayıb. Bəraət prosesində mərhumun bacısı da qardaşı həbs olunduqdan sonra onun taleyi haqqında heç bir məlumatı olmadığını qeyd etmişdir.

 

Əlyazmaları məhv edilib, şəxsi kitabxanası yandırılıb

 

A.M. Tağızadənin bəraət prosesi yalnız 1956-ci il sonlarında başlamışdır. Onun bacısı Yaqut Tağı qızı Cəfərzadə qardaşına bəraət verilməsi üçün 10 noyabr 1956-ci il tarixli ərizə ilə müraciət etmişdir. Ərizədə Y.Cəfərzadə, ümumiyyətlə, qardaşı həbs olunduqdan sonra onun taleyi haqqında heç bir məlumata malik olmadığını yazmışdır. Bu vaxt ona qarşı ifadə verən şəxslərin çoxunun ya bəraət aldığı, ya da bəraətinə hazırlıq getdiyi məlum idi. Mərhumun birlikdə təhsil aldığı, daha sonra işdə həmkarı olan B. İ. Pirumov təkrar istintaq zamanı müsbət ifadə vermişdir. Prokurorun iddianaməsində 06.03.1957-ci il, istintaq işinin məhkəməyə təqdim edilməsi haqqında vəkillərin iddianaməsində 06.06.1957-ci il, edam hökmünün qüvvədən düşməsi haqqında məhkəmə qərarında 19.11.1957-ci il tarixi yer alır.

Bir daha qeyd edim ki, Abdulla Məmməd oğlu Tağızadə ölkəmizdə ilk dilçi alimlərdəndir. Mütəxəssislərin tədqiqatlarına görə,1930-cu ildə latın qrafikalı türk əlifbasına uyğun Azərbaycan dilinin orfoqrafiya normalarını müəyyənləşdirmiş və 100 min sözü əhatə edən orfoqrafiya lüğətini hazırlamışdır. Onun 1932-ci ilin yanvarında II Azərbaycan Orfoqrafiya Konfransındakı məruzəsində göstərdiyi prinsiplərə bu gün də əməl olunur. A.Tağızadənin “Türk dilçiliyi və əski türk dilləri” publisist məqaləsində türk xalqlarının mədəniyyət abidələrini toplayıb tədqiq etməyin zəruriliyi irəli sürülür, Azərbaycan dilçiliyi qarşısında vəzifələr qoyulurdu.

Yuxarıda sadalanan xdimətlərə görə A.Tağızadə Azərbaycan orfoqrafiyası və terminologiyası sahəsində tanınmış mütəxəssislərdən biri hesab edilməkdədir. A.Tağızadə orta məktəblər üçün türk dili dərsliklərinin yaradılmasdında yaxından iştirak edib, "Qədim türk dilləri" (Bakı, 1927-ci il), "Müxtəsər üslubiyyat" (Bakı, 1933-cü il) kitablarını yazıb. İstintaq işindəki sənədlərdən birindən bəlli olur ki, onun şəxsi kitabxanası da yandırılıb. Nə yazıq ki, orada alimin "əlyazmalarının məhv ediliməsi haqqında akt" da var. Bu səbəbdən də elm xadiminin itmiş iş əsərlərini axtarmaq mənasızdır.

.

 

 

28 İyun 2017 14:14
http://strategiya.az/?do=xeber&id=92132